...

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi "erməni soyqırımı"na dair qətnaməni qəbul edib

Dünya xəbərləri Materials 5 Mart 2010 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr üzrə komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib. Məlumatı CNN Turk kanalı yayıb.

Qətnamənin təsdiqlənməsi onun yekun qəbulu demək deyil. Bütün tərkib tərəfindən baxılması üçün sənəd Nümayəndələr Palatasına təqdim olunmalıdır.

Qətnamənin müzakirəyə çıxarılması ideyasını komitənin sədri Hovard Berman irəli sürüb. Müzakirələri üç erməni və səkkiz türk deputat müşahidə edib.

Bundan əvvəl Prezident Obama ABŞ Konqresinə qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməməyi tövsiyə edib. CNN Turk bildirir.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Türkiyə prezidenti Abdullah Gül cümə axşamı amerikalı həmkarı Barak Obama ilə telefon söhbətində deyib ki, Vaşinqton ABŞ və Türkiyə arasında münasibətlərin yüksək inkişafı fonunda bu münasibətlərə zərər dəyməsinə yol verməməlidir. Türkiyə KİV-ləri yazır.

Öz növbəsində Prezident Obama Türkiyəni Ermənistan-Türkiyə protokollarının ratifikasiyası prosesini sürətləndirməyə çağırıb.

Cümə axşamı mətbuat konfransında çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı hazırkı məsələni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamağa çağırıb.

"Hazırda ABŞ-ın iki yolu - Türkiyə-Ermənistan arasındakı əlaqələrdə və ümumilikdə, Cənubi Qafqazda əldə olunmuş tərəqqinin heçə endirilməsi yolu, yaxud regionda sülh prosesinə yardım etməkdə davam etmək yolu var. Biz ümid edirik ki, onlar ikinci yolu seçəcəklər", - Davudoğlu deyib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti