Digər dövlətlər tərəfindən təzyiqlər Braziliyanın Tehranın dinc nüvə proqramını dəstəkləmək istəyinə heç bir təsir göstərməyəcək. Bu barədə Braziliya XİN rəhbəri Selsu Amorim İrana ikigünlük səfəri zamanı deyib. Məlumatı İRNA agentliyi yayıb.
O əlavə edib ki, "Braziliya heç kimdən asılı olmayan müstəqil dövlətdir".
İrana qarşı sanksiyalar barədə suala toxunan braziliyalı nazir deyib ki, "Yeni sanksiyaların tətbiqi "hər hansı müsbət nəticəyə gətirib çıxarmayacaq". Bunun əvəzində isə sadə adamlara, əsasən də aşağı gəlirli ailələrə problem yaradacaq.
Amorim qeyd edib ki, İran da daxil olmaqla, bütün ölkələr nüvə enerjisindən dinc istifadə hüququna malikdir.
Amorim bazar ertəsi səhər İrana ikigünlük səfərə gəlib. Məqsəd Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın İrana qarşıdakı səfərinə hazırlıqdır. Səfər mayın 15-17-də baş tutacaq.