...

Niderlanddakı Parlament seçkilərində Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq Partiyası qalib gəlib

Dünya xəbərləri Materials 10 İyun 2010 12:46 (UTC +04:00)

Niderland Parlamentinə növbədənkənar ümummilli seçkilərdə Mark Rüttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq Partiyası qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyası nümayəndəsinin verdiyi məlumata görə, bu xəbər seçici səslərinin 97 faizinin hesablanmasından sonra məlum olub, - bu barədə RBK məlumat verib.

Onlar dəqiqləşdiriblər ki, liberal partiya Amsterdamın keçmiş meri Yob Kohenin rəhbərlik etdiyi Əmək Partiyasının simasında özünün əsas rəqibini cəmi bir mandat arxada qoyub. Qaliblər ikinci yerin sahiblərinin əldə etdikləri 30 yerə qarşı 31 yer qazanıblar. Niderland Parlamentində cəmi 150 yer var. Bu barədə "Associated Press" xəbər verir.

Üçüncü yeri Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq" partiyası tutub. Onlar 24 mandat əldə ediblər.

Seçkilərin yekun nəticələri barədə yalnız iyunun 15-də elan ediləcək.

Xatırladaq ki, səsvermə bu ilin fevralında Niderlandın Baş naziri və xristian-demokratların lideri Yan Peter Balkenendenin rəhbərlik etdiyi koalision hökumətdə parçalanmanın baş verməsindən sonra keçirilib. Hökumətin istefası ilə nəticələnən parçalanma holland qoşunlarının Əfqanıstandan çıxarılması məsələsində nazirlərin razılığa gələ bilməmələri üzündən baş verib.

Xəbər lenti

Xəbər lenti