...

Livan İranın nüvə proqramını dəstəkləyir – Prezident

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 16:19 (UTC +04:00)
Livan İranın nüvə proqramını dəstəkləyir və bu məsələ çərçivəsində yaranmış problemləri dinc yolla həll etməyə çağırır.
Livan İranın nüvə proqramını dəstəkləyir – Prezident

Livan İranın nüvə proqramını dəstəkləyir və bu məsələ çərçivəsində yaranmış problemləri dinc yolla həll etməyə çağırır. Bunu çərşənbə günü Livan Prezidenti Mişel Süleyman iranlı həmkarı Mahmud Əhmədinejadla PressTV telekanalının birbaşa efirində yayımlanan birgə mətbuat konfransında deyib.

İran Prezidenti çərşənbə axşamı Beyruta ilk rəsmi səfərinə başlayıb.

Prezidentlər arasında danışıqların gedişində Tehranla Beyrut arasında energetika, inşaat, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq haqqında 17 saziş imzalanıb.

İran Prezidenti livanlı həmkarı Mişel Süleymanın rəsmi dəvəti ilə Livanda üçgünlük səfərdədir.

Beyrutdakı rəsmi görüşlərdən sonra İran Prezidenti, həmçinin, İsraillə sərhəd yaxınlığında yerləşən Livanın Bint-Cübeyl və Marunəl-Ras kəndlərinə səfər edəcək. Bu, İran Prezidentinin sərhədə səfərini "təxribat" adlandıran ABŞ və İsraildə narazılıqla qarşılanıb. Vaşinqton Saad əl-Həririnin başçılıq etdiyi Livan hökumətinin, "əl-Müstəqbal" qərbyönümlü hərəkatının ünvanına Əhmədinejada Livan-İsrail sərhədinə səfər etməyə icazə verməmək barədə xəbərdarlıq göndərib.

Bint-Cübeyl kəndi 2006-cı ildə ikinci Livan müharibəsi zamanı Livanın iranyönlü "Hizbullah" hərəkatının üzvləri ilə İsrail qoşunları arasında şiddətli hərbi toqquşmaların mərkəzi olub. İndi Livanın cənubuna Livan ordusu ilə yanaşı, UNIFIL-in xüsusi sülhməramlı kontingenti nəzarət edir. Lakin İsraildə və ABŞ-da əmindirlər ki, Vaşinqtonun terrorçu təşkilat elan etdiyi "Hizbullah" bu kənddən Tehrandan və Dəməşqdən gətirilən silahlar üçün anbar kimi istifadə edir.

Əhmədinejadın son dörd ildə gizli fəaliyyət göstərən "Hizbullah"ın baş katibi Həsən Nəsrullah ilə Livan partiyası tərəfindən ali qonağın şərəfinə Beyrutun cənubunda təşkil edilən mitinqdə birgə iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti