İsrailin NATO-nun raket hücumundan müdafiə sistemindən (RHM) istifadə etməsindən söhbət gedə bilməz. Bunu Türkiyə Prezidenti Abdullah Gül "Euronews" telekanalına müsahibəsində bildirib.
Gül qeyd edib ki, RHM sistemi alyansa daxil olmayan ölkələrlə, ilk növbədə İsraillə əlaqələndirilməməlidir.
"İsrail NATO-nun üzvü deyil. Bu ölkə ilə əməkdaşlıq haqqında söhbət belə getmir. Buna görə də İsrail NATO-nun potensialından istifadə edə bilməz", - Gül deyib.
İsrail xüsusi xidmət orqanlarının əməkdaşları "Azadlıq donanması"nı tutduqdan sonra Türkiyənin İsraillə münasibətləri barədə Prezident Gül deyib ki, Türkiyə bunu unuda bilməz.
"İsrailin "Azadlıq donanması"na hücumu çox şeyi dəyişdi. İsrail ordusu beynəlxalq sularda humanitar yük daşıyan donanmaya hücum edib və xeyli insan öldürüb. Bunu unutmaq olmaz. Ölkə beynəlxalq hüququ tanıyırsa və BMT-nin üzvüdürsə, beynəlxalq hüququn tələblərini yerinə yetirməlidir", - Gül vurğulayıb.
Ankara və Qərbin İranın nüvə proqramına fərqli yanaşması ilə bağlı sualı cavablandıran Prezident Gül qeyd edib ki, Türkiyənin qonşu ilə bağlı mövzuya ehtiyatla yanaşması normal faktdır.
Gülün sözlərinə görə, Aİ-yə üzvlük Türkiyə üçün dövlət siyasətinin bir hissəsidir və bu məsələ ayrı-ayrı partiyaların maraqlarından artıqdır.