Türkiyə hökuməti İsraillə münasibətləri normallaşdırmaq istəyir. Bunu Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək deyib.
"Türkiyə onunla münasibətləri normallaşdırmaq istəyəni heç vaxt rədd etməz. Biz sülhə və münasibətlərin normallaşdırılmasına səy göstəririk", - Çiçək Ankarada Nazirlər Şurasının iclasının yekunları üzrə keçirilən mətbuat konfransında deyib. Məlumatı "Anadolu" agentliyi yayıb.
Çiçəyin bəyanatı Türkiyənin İsrailə azı 41 nəfərin həyatına son qoyan ölkə tarixində böyük meşə yanğınları ilə mübarizəyə kömək üçün göndərdiyi iki təyyarədən dərhal sonra verilib.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü öz türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib və göstərilən köməyə görə minnətdarlığını bildirib.
Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib. Doqquz Türkiyə vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib və İsraildən Türkiyə vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə təzminatın ödənilməsini tələb edib.
Çiçək Türkiyənin tələblərini təkrar edib, lakin bildirib ki, ölkəsinin İsrail xalqına qarşı heç bir iradı yoxdur.
"Biz düzgün olmayan siyasətə qarşı çıxış edirik. Bizim İsrail xalqı və ya istənilən digər ölkə ilə problemimiz yoxdur", - o qeyd edib.
Türkiyə-İsrail münasibətlərinin gələcəyi ilə bağlı sualı cavablandıran Çiçək bəyan edib ki, İsrail dövlətinin yarandığı gündən iki ölkənin münasibətlərində həm yüksəlişlər, həm də enişlər olub.