...

İranın Prezident Administrasiyasının daha bir rəsmisi həbs olunub

Dünya xəbərləri Materials 18 May 2011 12:35 (UTC +04:00)
Ötən gecə İranın Prezident Administrasiyasının yüksək çinli rəsmisi həbs olunub. "K" adı ilə təqdim olunan yüksək vəzifəli şəxs "Qayıdış çox yaxındır" filminin ərsəyə gəlməsində yaxından işitrak etdiyi üçün həbs edilib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranın Prezident Administrasiyasının daha bir rəsmisi həbs olunub

Azərbaycan, Bakı, 18 may /Trend/

Ötən gecə İranın Prezident Administrasiyasının yüksək çinli rəsmisi həbs olunub. "K" adı ilə təqdim olunan yüksək vəzifəli şəxs "Qayıdış çox yaxındır" filminin ərsəyə gəlməsində yaxından işitrak etdiyi üçün həbs edilib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həbs olunan şəxs İranın Prezident Administrasiytasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşainin 20 illik yaxın dostudur. Fars agentliyi həbs olunmuş şəxsin tam adını açıqlamayıb.

May ayının əvvəlində İranın "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər də "Qayıdış çox yaxındır" filminin çəkilişinə kömək göstərdiyi üçün həbs olunmuşdu. Əmirifər də İranın Prezident Administrasiytasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşaiyə yaxın şəxs idi və onun tərəfindən Prezident Administrasiyasının Mədəniyyət Şurasının üzvü seçilmişdi.

Bir neçə ay əvvəl İranda "Qayıdış çox yaxındır" filmi yayımlanıb. Bu filmdə şiələrin 12-ci imam hesab etdikləri Mehdinin qayıdış əlamətləri əks olunub. Şiələrin inancına görə, İmam Mehdi (868-ci ildə doğulub) hazırda tanrının istəyi ilə gizli həyat yaşayır və bir zaman dünyanı ədalətlə təmin etmək üçün geri qayıdacaq.

Filmdə İranın dini lideri ayətullah Əli Xamneyi Seyyid Xurasaniyə, Prezident Mahmud Əhmədinejad isə Şüəyb ibn Salehə bənzədilib. Şiələrin inancına görə,bu iki şəxsiyyət İmam Mehdinin dünyanı zülmdən xilas etməsinə kömək göstərəcək.

İranda bir çox nüfuzlu din xadimləri, o cümlədən ayətullah Məkarim Şirazi bu filmin çəkilişinə və yayımlanmasına kəskin etiraz edib.

Məşai keçən ay vəzifəsindən uzaqlaşdırılıb. Əhmədinejadın qudası olan Məşai 2009-cu ildə vitse-prezident təyin edilsə də, dini lider ayətullah Xamneyi bu təyinata mane olmuşdu. Bir çox deputatlar, dini şəxsiyyətlər və İran İslam İnqilabı Keşikçiləri Korpusu dini təhrif etməsi ilə bağlı Məşaiyə dəfələrlə xəbərdarlıq ediblər.

İranda hakimiyyətdə olan mühafizəkarlar düşərgəsinə bağlı olan bir çox KİV Məşainin İmam Mehdi ilə bağlı filmi maliyyələşdirdiyini iddia edirlər. Məşai bununla bağlı hələlik fikir bildirməyib.

Xəbər lenti

Xəbər lenti