Azərbaycan, Bakı, 17 sentyabr / Trend
Suriya ordusunun komandanlığı bəyan edib ki, Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bazar ertəsi vurulmuş helikopter kəşfiyyat əməliyyatı zamanı, Türkiyənin hava məkanını təsadüfən pozub. Trend-in RİA Novosti agentliyinə istinadən, bu barədə SANA agentliyi məlumat verir.
Ölkənin hərbi komandanlığının bəyanatında qeyd olunur ki, döyüş helikopteri Türkiyə ilə sərhədi boyunca sərhədyanı ərazidə terrorçuların hərəkətini izləmək üçün, kəşfiyyat əməliyyatını yerinə yetirib.
Helikopter iki ölkənin sərhədlərini təsadüfən keçərək Türkiyə ərazisinə bir qədər dərinləşib, amma gəminin heyəti dərhal Suriyanın hava məkanına qayıtmaq əmrini alıb.
Helikopterə Türkiyə Hərbi Hava Qüvvələri hücum edəndə o, artıq geri qayıdırdı.
Türkiyə HHQ-nin təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya helikopterini vurublar.
Bu barədə ölkənin baş nazirinin müavini Bülənt Arınç bazar ertəsi mətbuat konfransında bildirib, Anadolu agentliyi xəbər verir.
"Sərhədi pozmuş "Mİ-17" tipli Suriya helikopteri 14.25-də Malatyanın hərbi bazasından qalxan təyyarənin raketlərilə vurulub", - Arınç deyib.
Baş nazirin müavinin sözlərinə görə, Türkiyə hərbçiləri pilotları ölkənin hava məkanını tərk etməsi barədə bir neçə dəfə xəbərdarlıq ediblər.
"İndiyədək ekipaj barədə məlumat əldə etmək mümkün olmayıb, çünki helikopter Suriyaya tabe olan əraziyə düşüb", - Arınç deyib.