Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Səba Ağayeva/
Moldova parlamentinə seçkilər ATƏT-in və Avropa Şurasının standart və öhdəlikləri də daxil olmaqla beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına, eləcə də milli qanunvericiliyə, Moldova MSK-nın hazırladığı qayda və prosedurlara uyğun şəkildə təşkil olunub və keçirilib. Trend xəbər verir ki, bu barəəd GUAM təşkilatının seçkilərin yekunları ilə bağlı yaydığı bəyanatda deyilir.
Təşkilatın müşahidəçilər qrupu noyabrın 30-da Moldovada keçirilən növbəti parlament seçkilərinə dəvət olunublar.
Müşahidəçilər 24 seçki məntəqəsində müşahidələrin nəticələrinə əsaslanaraq qeyd ediblər ki, mübahisəli məqamların olmasına baxmayaraq, seçkilər sakit, mütəşəkkil keçdi. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunurdu.
Bəyanatda deyilir: "Ümumilikdə seçki prosesinə gəldikdə, seçki məntəqələrində seçkilərin təşkili və komissiyaların fəaliyyətinə dair GUAM-ın müşahidəçilər qrupunun ayrı-ayrı iradları prinsipial xarakter daşımır və səsvermənin nəticələrinə əhəmiyyətli şəkildə təsir göstərə bilməz".
GUAM müşahidəçilər qrupu monitorinqin nəticələrinə görə seçkilərin azad və ədalətli, müsbət qiymətləndirilməsini mümkün hesab edir.