Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
İranın Dəniz Təsisatı Tikintisi və Mühəndisliyi Şirkətində korrupsiya faktı aşkar edilib və bir neçə nəfər həbs olunub.
Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata gör, şirkətin iki sabiq vəzifəli şəxsi barəsində cinayət işi açılıb. Agentlik həbs olunan şəxslərin kimliyi və neçə nəfərin həbs olunduğu barədə məlumat verməsə də, şirkətdə baş verən qanunsuzluqlar və korrupsiya faktlarına görə həbslərin davam etdiyini bildirib.
İranın Baş Müfəttişlik Təşkilatı adıçəkilən şirkətdə yoxlamalara başlayıb.
İran KİV-lərinin məlumatına görə, İranın Dəniz Təsisatı Tikintisi və Mühəndisliyi Şirkətində 87 milyon dollar dəyərində üzən qazma qurğusunun itməsi, "Cənub Pars" yatağı üçün alınan avadanlıqlar və onların istifadəsi və digər qanunsuz hərəkətlər barədə araşdırmalar aparılır.
Qeyd edək ki, 1993-cü ildə təsis olunan şirkət hazırda İranın dəniz sektorundakı "Cənub Pars" yatağında işlərin 70 faizini görür. Şirkətin icra etdiyi layihələrin ümumi dəyəri 11 milyard dollardan artıqdır.