...

Qəzvin-Rəşt-Astara dəmiryolunun istifadəyə veriləcəyi ilkin tarix açıqlandı

Dünya xəbərləri Materials 11 Sentyabr 2015 15:50 (UTC +04:00)
Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi davam etdirilir.
Qəzvin-Rəşt-Astara dəmiryolunun istifadəyə veriləcəyi ilkin tarix açıqlandı

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

"Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi davam etdirilir və ümid edirik ki, 2016-cı ildə bu dəmiryolunda işlər yekunlaşacaq". Bunu İranın Yol və Şəhərsalma Nazirliyinin tabeliyində olan Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin direktor müavini Məsud Nəsr İsfahani deyib.

Trend-in İranın ISNA agentliyinə istinadən verdiyi məlumata görə, M.İsfahani qeyd edib ki, Qəzvin-Rəşt dəmiryolunda infrastrukturun tikintisi üzrə işlər yaxşı aparılıb. "Bəzi hissələrdə infrastruktur, demək olar, 90 faiz hazırdır".

Onun sözlərinə görə, layihənin təkmilləşdirilməsi üçün lazımi vəsait təmin olunarsa, hazırlanmış proqrama əsasən dəmiryolun tikintisi 2016-cı ildə başa çatacaq.

M.N.İsfahani deyib ki, Qəzvin-Rəşt-Astara dəmiryolu İran üçün çox önəmlidir: "Biz var gücümüzlə işləri davam etdiririk. Qəzvindən Rəşt şəhərinədək olan məsafədə işlərin çoxu görülüb və ümid edirik ki, Astaraya kimi olan məsafədə də işlər sürətlənərək tezliklə başa çatacaq".

Qeyd edək ki, bundan öncə İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını demişdilər. Dəmiryol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti