Bakı. Təmkin Cəfərov - Trend:
İranda qaçaqmalçılar məhsulların qaçaq yolla daşınmasından ölkənin 2 illik tikinti büdcəsindən daha çox pul qazanırlar. Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Qaçaqmalçılıqla mübarizə mərkəzi qərargahının sədri Həbibullah Həqiqi deyib.
H.Həqiqinin sözlərinə görə, araşdırmalar göstərir ki, ölkəyə bəzi məhsulların qaçaq yolla aparılıb-gətirilməsindən əldə olunan gəlir ildə 20 milyard dollardan çoxdur. "Qaçaqmalçılığın ölkəyə vurduğu ziyanlardan biri də budur ki, ölkədə 2 milyon iş fürsəti itir. Ekspertlər deyirlər ki, hər 1 milyard dollarla orta hesabla 100 min nəfər üçün iş yeri yaratmaq mümkindir".
O bildirib ki, qaçaqmalçılıq ölkə üçün böyük problemlər yaradır: "Vaxtı keçmiş dərmanların və qeyri-standart kosmetikanın qaçaqmalçığı ölkədə insanların sağlamlığına təhlükədir".
H.Həqiqinin sözlərinə görə, ölkədə gündəlik 4 min konteynerlik məhsulu yerbəyer edən ən böyük yük terminallarının birində cəmi bir "X-Ray" cihazı var ki, o da yalnız gündə 200 konteyneri yoxlaya bilir: "İrana idxal olunan konteynerlərin hamısında qaçaq məhsulların ölkəyə gətirilməsi üçün şərait var".
Qeyd edək ki, İran rəsmiləri qaçaqmalçıların əsasən yanacaq, valyuta, ev əşyaları, geyim və mobil telefonları qaçaq yolla ölkəyə gətirdiyini deyirlər.