Bakı. Elçin Hüseynov - Trend:
İranın neft naziri Bijən Namdar Zəngənə aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısına qatılmayacaq.
Bu barədə Trend "Bloomberg"ə istinadən xəbər verir.
İranın neft nazirliyinin rəsmisi Əkbər Nematollahı bildirib ki, Dohadakı görüşdə Tehranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərbəbili iştirak edəcək.
OPEC-in Doha iclasına ümumilikdə 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.
Xatırladaq ki, növbəti iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq aprelin 17-də keçiriləcək.
Bu görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.