Bakı. Trend:
Yeni nəsil F-35 döyüş təyyarəsi Türkiyə HHQ-nə təhvil verildi, bu haqda cümə axşamı Türkiyə mətbuatına istinadən Trend xəbər verir.
F-35 qırıcı təyyarələrinin təhvil verilmə mərasimi istehsalçı Lokid Martin-in Fort Urtda yerləşən zavodunda keçirildi.
İlk iki təyyarə gələn ilin iyul ayında 13 Türkiyə HHQ-nin pilotun və 225 texniki servis komandasının təlimi üçün Arizonada yerləşən hərbi bazaya gedəcək. İlk F-35 təyyarəsi Türkiyəyə 2019-cu ilin noyabr ayında çatmalıdır.
Lockheed Martin F-35 Lightning II - Lockheed Martin firması tərəfindən hazırlanmış çoxfunksiyalı beşinci nəsil qırıcı-döyüş təyyarələridir. Həmin təyyarə üç variantda istehsal olunur: ABŞ Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş yerüstü qırıcı təyyarə (CTOL), ABŞ dəniz piyadaları Korpusu və Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş qısa qalxma və şaquli eniş (STOVL) funksiyalarına malik qırıcı və ABŞ Hərbi Dəniz Qüvvələri üçün göyərtə qırıcısı (CV).
Lockheed Martin-in rəhbərlik etdiyi konsorsiuma həm də Northrop Grumman korporasiyası, Pratt & Whitney, Rolls-Royce Plc Allison və British Aerospace şirkətləri daxildir. Ayrı-ayrı detal və qovşaqlarının hazırlanmasında Paldmeyldə (Kaliforniya) yerləşən Skunk works və Aeronautical Systems şirkətləri iştirak edib.