Bakı. Trend:
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə miqrasiya məsələləri ilə bağlı ən sərt nəticələrə gəliblər.
Trend-in məlumatına görə, bu barədə İspaniyanın La Vanguardia qəzeti xəbər verib.
Məlumata əsasən, Avropa liderləri "Üzv dövlətlərin sərhədlərin müdafiəsi, müşahidə vasitələri, xüsusən havadan müşahidə üzrə potensialının və infrastrukturunun möhkəmləndirilməsi üçün Avropa Komissiyasını (AK) dərhal mühüm Aİ vəsaitləri ayırmağa çağırıblar. Aİ-nin ilk dəfədir ki, xarici sərhədlərində nəzarət infrastrukturunu maliyyələşdirdiyi qeyd olunur.
Məlumata görə, Brüssel sərhəd divarlarının inşası üçün tikinti materialına görə ödəniş etməsə belə, zəruri avadanlığı maliyyələşdirə və bu ehtiyacların qarşılanması üçün mühüm resurslar cəlb edə bilər. Qəzetdə həmçinin AK-nın Bolqarıstan hokuməti tərəfindən hazırki sərhəd divarının öz funksiyasını yerinə yetirməsi üçün genişləndirilməsi ilə bağlı pilot layihənin reallaşdırılmasına kömək edəcəyi deyilir
Aİ-nin Brüsseldəki son sammiti öncəsi Avstriya və Birliyin bir sıra digər ölkələri tərəfindən Aİ Şurasının Prezidenti Şarl Mişelə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ümumi məktub ünvanlanıb. Məktubda Avropa dövlətləri sığınacaq sisteminin çökdüyünü bildirirlər.
Məktubu Avstriya ilə yanaşı Yunanıstan, Danimarka, Latviya, Litva, Malta, Slovakiya və Estoniya da imzalayıb. Bu dövlətlər Avropa Komissiyası tərəfindən daha "konkret dəstək" və Avropa İttifaqının Sərhədlərə Nəzarət Agentliyi Frontex-in birliyin xarici sərhədlərinin mühafizəsində daha aktiv iştirakını tələb edirlər. Bundan başqa, məktubu imzalayan ölkələr miqrantların keçdiyi tranzit ölkələri və dövlətləri ilə əməkdaşlığı gücləndirməyi, habelə Şengen Sərhəd Məcəlləsinin təkrar nəzərdən keçirməyi zəruri hesab edirlər.