Bakı. Trend:
Hazırda taxıl sazişinin bərpasının mümkün olmadığı görünür.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel BMT Baş Assambleyasının 78-ci Sessiyası çərçivəsində mətbuat konfransında deyib.
Rusiya tərəfinin bundan əvvəl də danışıqlara masasında olan şərtlər irəli sürdüyünü deyən Borrelin fikrincə, taxıl sazişinin bərpası məhdudiyyətlərin və ya sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan bu şərtlərdən asılı deyil.
"Avropa İttifaqının məhdudiyyətləri ərzaq və gübrə ixracına təsir göstərmir", - o deyib.
Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.
Rusiya tərəfi bildirib ki, taxıl sazişinin bərpası barədə yalnız Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.