Bakı. Trend:
Bəsrə körfəzindən Türkiyəyə qədər uzanacaq İnkişaf Yolu Layihəsi fəaliyyətə başlayıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani danışıb.
"İnkişaf Yolu Layihəsi və Bəsrə Fav Limanı layihəsi fəaliyyətə başlayıb. Bu layihəyə İraqdan Türkiyəyə qədər uzanan avtomobil və dəmir yolu, həmçinin bu çərçivədə tikiləcək limanlar və şəhərlər daxildir. İraq, Böyük Fav Limanı ilə Türkiyə vasitəsilə Asiya və Avropa arasında səyahət müddətini qısaltmağı və tranzit mərkəzə çevrilməyi hədəfləyir",- deyə baş nazir bildirib.
Qeyd edək ki, Yaxın Şərqin ən böyük limanı olması planlaşdırılan və 2025-ci ildə tamamlanması gözlənilən Böyük Fav Limanını Türkiyə sərhədinə birləşdirəcək 1 200 kilometr uzunluğunda dəmir və avtomobil yollarının 17 milyard dollara başa gələcəyi ehtimal edilir.
Məlumat üçün bildirək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, sözügedən layihənin 2028-ci ildə tamamlana biləcəyini söyləyib.