Bakı. Trend:
İraq və Suriyada PKK terror təşkilatına aid bütün infrastrukturlar kəşfiyyatçılarımızın əsas hədəfi olacaq.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə ortaq mətbuat konfransında deyib.
"Türkiyənin terrorla mübarizədə mövqeyi bəllidir. Ankarada hücuma cəhd edən iki terrorçunun Suriyadan gəldiyi və burada təlim keçdiyi məlum oldu. PKK/YPG terror təşkilatına məxsus bütün infrastruktur və enerji obyektləri artıq qanuni hədəflərdir. Silahlı qüvvələrimizin bu hücuma cavabı çox aydın olacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, 1 oktyabr tarixində Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.
Araşdırma və DNT analizi nəticəsində hər iki terrorçunun PKK terror təşkilatının üzvü olduğu məlum olub.