Bakı. Trend:
Moskva və İrəvan Rusiya telekanallarının Ermənistanda yayımının tənzimlənməsi məsələsində təmasdadır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
"Biz bu məsələ ilə bağlı Ermənistan tərəfi ilə əlaqə saxlayırıq, məsləhətləşmələr aparırıq. Fikir mübadiləsi yekunlaşmayıb. Bu məsələ ilə bağlı İrəvanla sıx əlaqədəyik. Hər iki ölkə bütün mövcud və yaranan problemlərin qarşılıqlı hörmət əsasında həllində maraqlıdır", - o deyib.
Zaxarova Ermənistanın rəsmi hakimiyyətinin hansı şüarlarla çıxış etdiyini də xatırladıb.
"Bunlar maksimum açıqlıq, total azadlıq, şəffaflıq şüarları idi. Düşünmək belə istəmirəm ki, indiki rəsmi İrəvanın təmsilçilərindən hər hansı biri tənqid olunanların izinə düşə və daha da irəli gedə, öz ölkələrində tələbat çox olan kanalların yayımını dayandıra bilər", - o vurğulayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikada yayımlanan Rusiya telekanallarının “müqavilənin müəyyən bəndlərini pozduğunu” bildirib, İrəvan vəziyyəti həll etmək üçün Moskva ilə məsləhətləşmələr aparıb.
Bu günlərdə Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan qeyd edib ki, Ermənistan tezliklə Rusiyaya Rusiya telekanallarının yayımı məsələsinin həlli üçün yeni təkliflər təqdim edəcək.
(Tərcümə: Gülnarə Kərimova)
