Bakı. Trend:
Rusiya Federasiyasının Baş prokurorluğu Dövlət Dumasının deputatlarının xaricdəki şəxs və strukturların Rusiyada törədilən terror aktlarının təşkili və maliyyələşdirilməsi ilə mümkün əlaqələrinin araşdırılmasına dair müraciətini nəzərdən keçirib.
Trend xəbər verir ki, bu barədə Rusiya Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Təqdim olunan materialların araşdırılması nəticəsində ABŞ, Almaniya, Fransa və Kiprə müvafiq sorğular göndərilib", - məlumatda deyilir.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.