...

ÜST sağlamlıq təşəbbüslərinin daha sürətli həyata keçirilməsinə çağırır

Dünya xəbərləri Materials 28 Aprel 2024 18:42 (UTC +04:00)
ÜST sağlamlıq təşəbbüslərinin daha sürətli həyata keçirilməsinə çağırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Başladığımız təşəbbüsləri sürətləndirməsək, dünya pandemiya zamanı olduğu kimi problemlə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus panel müzakirələri zamanı deyib.

“COVID-19 ilə bağlı vəziyyət indi çox yaxşıdır. Təbii ki, bu o demək deyil ki, virus yoxdur. Virus var, amma vəziyyət nəzarət altındadır. Başladığımız təşəbbüsləri sürətləndirməsək, eyni problemlə üzləşə bilərik. O cümlədən, bu ilin may ayına qədər pandemiya ilə bağlı saziş bağlanmalıdır ki, bizim birgə işləmək üçün məcburi razılaşmamız olsun", - deyə o bildirib.

ÜST-nin baş direktoru qeyd edib ki, COVID-19-dan üç dərs çıxarmaq olar.

"İlk növbədə, biz səhiyyə xidmətlərinə investisiyalarımızın əslində zəif olduğunu gördük. Buna görə də yüksək gəlirli ölkələr belə təəccübləndilər, çünki onların investisiyaları daha çox yüksək texnologiyalara idi. İctimai səhiyyə və ilkin səhiyyə xidmətinə məhəl qoyulmadı. İkinci dərs ədalətsizlikdir. COVID dünyamızın ədalətsizliyini və bərabərsizliyini ifşa etdi.

Üçüncü dərs siyasiləşdirmədir. Xatırlayırsınızsa, milli səviyyədə milli birlik yox idi. Siyasi partiyalar COVID-dən bir vasitə kimi istifadə ediblər", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti