Bakı. Trend:
Gürcüstan Baş naziri İrakli Kobaxidze qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Qərb tərəfdaşlarının Gürcüstan hakimiyyətinə qarşı sanksiyalarla hədələnməsini qeyri-ciddi adlandırıb.
Trend-in məlumatına görə, bu barədə İ.Kobaxidze mətbuat konfransı zamanı deyib.
"Sadəcə olaraq, sanksiyalar mövzusu bizim üçün ciddi məsələ deyil. Gürcü xalqını və gürcü xalqının seçdiyi hökuməti sanksiya və ya buna bənzər tədbirlərlə şantaj etmək cəhdi ciddi deyil. Heç kim gürcü xalqını cəzalandıra bilməz və gürcü xalqının seçdiyi hökuməti heç kim cəzalandıra bilməz. Bütün məsələlərdə qəti mövqelərimiz var. Biz bu cəmiyyətə, ölkənin maraqlarına xidmət edirik. Ona görə də sanksiyalardan danışmaq bizim üçün ciddi deyil", - deyə o bildirib.
“Xarici təsirin şəffaflığı haqqında” qanuna gəlincə, baş nazir qeyd edib ki, Gürcüstan vətəndaşlarının bu ölkədə kimin kim tərəfindən maliyyələşdirildiyini, kimin ölkədə xarici qüvvələrin müsbət və ya mənfi maraqlarını təbliğ etdiyini bilmək hüququ var.
Onun fikrincə, belə şəraitdə (şəffaflıq şəraitində) Gürcüstan cəmiyyəti Gürcüstanın suverenliyini pozmaq cəhdlərindən daha yaxşı qorunacaq.