Bakı. Trend:
İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" agentliyinin ölkə prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatını təkzib edib.
Trend-in məlumatına görə, bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.
""Fars" agentliyinin helikopterin qəzaya uğramasında səbəblərdən birinin təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücü olmadığı barədə məlumatı yalandır", - deyə bildirilib.
Baş Qərargah kütləvi informasiya vasitələrindən müdafiə və təhlükəsizlik mövzusunda xəbərlərin dərcini onunla razılaşdırmağını, "operativliyə görə dəqiqliyi qurban verməməyi və düşmənlərə sui-istifadə üçün səbəb verməməyi" tələb edib.