Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qımılqışlaq kəndində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, mavi yanacaqla təminat, su təchizatının yaxşılaşdırılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.