Bakı. Trend:
ABŞ-ın dövlət katibi Entoni Blinken sentyabrın 9-10-da Böyük Britaniyaya səfər edəcək, o, ölkə hakimiyyəti ilə hərbi əməkdaşlıq və Ukraynaya yardım məsələlərini müzakirə edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin şənbə günü dərc olunmuş yazılı bəyanatında deyilir. Amerika xarici siyasət idarəsinin rəhbəri 9-10 sentyabr tarixlərində Böyük Britaniyaya səfər edəcək və burada iki ölkə arasında strateji dialoq açacaq.
“Dövlət katibi Blinken Londonda Hind-Sakit okean regionu, AUKUS tərəfdaşlığı, Yaxın Şərq və Ukraynanı dəstəkləmək üçün ümumi səylərimiz də daxil olmaqla kritik mövzuları müzakirə etmək üçün yüksək vəzifəli rəsmilərlə də görüşəcək”, - sənəddə qeyd olunur.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin sentyabrın 13-də Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşəcəyi bildirildi. Tərəflər “ortaq maraqlarla bağlı bir sıra qlobal məsələləri, o cümlədən Ukraynaya davamlı fəal dəstəyi” və digər mövzuları müzakirə edəcəklər.