Bakı. Trend:
Heç kəsin Gürcüstanda parlament seçkilərinə mənfi təsir göstərməməsi üçün xüsusi diqqət tələb olunur.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
"Cəmiyyətə sayıqlığı artırmaq üçün vacib məlumatlar verdiyinə görə Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür etməliyik. Ölkəmiz üçün xeyir istəməyən siyasi qüvvələrdən bəhs edirik. Burada həm xarici qüvvələrdən, həm də ölkə daxilində fəaliyyət göstərən qüvvələrdən, yəni radikal müxalifətdən və onların xarici havadarlarından danışılır.
Hesab edirəm ki, bu cür aktlar seçkilərin nəticələrinə heç bir təsir göstərə bilməz, amma yaxşı haldır ki, bizim dövlət idarələri, xüsusən Dövlət Təhlükəsizliyi Xidməti ayıq-sayıq qalır. Xüsusi diqqət lazımdır ki, heç kim bu seçkilərə mənfi təsir göstərməsin", - deyə baş nazir bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin edilib.