...

Özbəkistan Yeni İnkişaf Bankı ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir - Mirziyoyev

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 15:30 (UTC +04:00)
Özbəkistan Yeni İnkişaf Bankı ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir - Mirziyoyev
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Kazan. Trend:

Özbəkistan BRİCS-in Yeni İnkişaf Bankı ilə prioritet investisiya və sosial layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlıq qurmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"Biz BRİCS ölkələri ilə tərəfdaşlıq əlaqələrini daha fəal dərinləşdirmək, bu birliyin yaratdığı yeni imkanlardan daha səmərəli istifadə etmək niyyətindəyik. BRİCS ölkələrinin qlobal bərabərsizliyin artması və iqtisadiyyatın inklüziv bərpası problemlərinin həlli üçün əməkdaşlığın inkişafına dair fundamental öhdəliklərini bölüşürük.

Söhbət ilk növbədə inkişaf etməkdə olan ölkələrin yoxsulluq səviyyəsinin azaldılması, texnoloji boşluğun aradan qaldırılması və infrastrukturun modernləşdirilməsinə yönəlmiş milli proqramlarına dəstəkdən gedir. Bu işdə çoxtərəfli maliyyə institutları mühüm rol oynaya bilər və oynamalıdır", - o bildirib.

Özbəkistan prezidenti qeyd edib ki, ölkəsi BRİCS ölkələri ilə innovasiyalar, rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf, enerji və maneəsiz elektron ticarət sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

"BRİCS qrupunun süni intellekt üzrə tədqiqatçılarının birgə layihələrində iştirak etməyi, bu sahədə idarəetmə üçün vahid standartların hazırlanmasında və mümkün risklərin qiymətləndirilməsində iştirak etməyi planlaşdırırıq. Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatında yaradılacaq BRİCS bacarıq mərkəzinə qoşulmağa, eləcə də, təklif olunan investisiya platformasına qatılmağa hazırıq", - o əlavə edib.

Qeyd edək ki, BRİCS hökumətlərarası təşkilatdır və 2006-cı ildə yaradılıb. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrlik edir. Hazırda təşkilatın üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə yanaşı, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır.

Xəbər lenti

Xəbər lenti