Bakı. Trend:
"Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili Gürcüstan ictimaiyyətini seçkilərə gəlməyə çağırıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, B.İvanışvili ailə üzvləri ilə birlikdə səs verməyə gəldiyini bildirərək, seçki etməyin çox asan olduğunu qeyd edib.
"Ya biz sizə, gürcü xalqına, gürcü cəmiyyətinə, Vətənimizə xidmət edəcək, ölkəyə qayğı göstərəcək hökuməti seçirik, ya da xarici dövlət üçün işləyən və yalnız xarici ölkənin tapşırıqlarını yerinə yetirən agenturanı seçirik", — o, jurnalistlərə bildirib.
Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.
Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.
Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.
Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.
Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.
Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.