Bakı. Trend:
Almaniya kansleri Olaf Şoltz (SPD) Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalif mühafizəkar blokundan kansler postuna namizəd Fridrix Merz olarsa, ölkənin vitse-kansleri postunu tutmaq niyyətində deyil. "Mən bunu etməzdim," deyə Şoltz bildirib. “Lakin mən yenə də kansler olmaq üçün mübarizə aparıram,” o əlavə edib.
Trend xəbər verir ki, bunu Şoltz Deutschlandfunk Kultur radiosunda bildirib.
CDU/CSU-nun reytinqi hazırda 30-32%, SPD-ninki isə 15-17% arasında dəyişir. Şoltz Sosial Demokratların namizədi və Merzin əsas rəqibidir. Kansler olmamışdan əvvəl Şoltz 2018-2021-ci illər arasında Angela Merkel hökumətində vitse-kansler və maliyyə naziri olub.
Çərşənbə günü xüsusi bəyanatla çıxış edən Şoltz bildirib ki, konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, etimad məsələsinin səsverməyə çıxarılması üçün Bundestaqın prezidentinə sorğu göndərib. Bununla o, erkən federal seçkilərə yol açmaq istədiyini söyləyib. Bundestaqda etimad səsverməsi ilə bağlı debat dekabrın 16-na təyin edilib. Bundestaqın deputatları kanslerə etimaddan imtina edərlərsə, növbədənkənar parlament seçkiləri 2025-ci il fevralın 23-də keçiriləcək.