Bakı. Trend:
İngiltərə şahzadəsi Endryu ilə biznes layihələri həyata keçirən və Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən bir şəxsin Böyük Britaniyaya girişinə milli təhlükəsizlik səbəbiylə qadağa qoyulub.
Trend xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.
Adı açıqlanmayan iş adamı, şahzadə Endryu ilə sıx əlaqədə olub, Çində investor axtararkən onun adından hərəkət edib və hətta 2021-ci ildə kral ailəsinin ad gününə dəvət olunub. Eyni zamanda, bu şəxs Böyük Britaniya hüquq-mühafizə orqanlarının da diqqətini çəkib. 2021-ci ildə terrorla mübarizə qanunvericiliyi çərçivəsində o, Böyük Britaniyaya daxil olan sərhəd nəzarəti məntəqəsində saxlanılıb və onun mobil cihazı yoxlanılıb.
Nəşr qeyd edir ki, 2023-cü ilin fevralında həmin şəxsin Böyük Britaniyaya girişinə qadağa qoyulub. O, Pekin-London reysindən uzaqlaşdırılaraq, Daxili İşlər Nazirliyi tərəfindən nəzərdən keçirilən qərar əsasında qara siyahıya salınıb. İş adamı, Böyük Britaniyaya giriş qadağasına etiraz etmək üçün Xüsusi İmmiqrasiya Apellyasiya Komissiyasına müraciət edib, amma rədd cavabı alıb.
Qəzetin yazdığına görə, bu şəxs peşəkar karyerasına Çində dövlət qulluqçusu kimi başlayıb, 2002-ci ildə Londona köçərək ingilis dilini öyrənməyə başlayıb. O, York Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsini tamamladıqdan sonra 2005-ci ildə Çin bazarında fəaliyyət göstərən Britaniya firmalarına konsaltinq xidməti göstərən şirkət qurub. 2013-cü ildə Böyük Britaniyada yaşamaq icazəsi alıb.