Bakı. Trend:
2025-ci il yanvarın 7-dən 10-dək Las-Veqasda dünyanın ən böyük texnologiya tədbiri olan “CES 2025” sərgisi keçiriləcək.
Trend xəbər verir ki, sərgiyə 160-dan çox ölkədən qonaqlar qatılacaq. Ötən il keçirilən sərgi 138 mindən çox ziyarətçi və 4300-dən çox iştirakçı ilə rekord göstərici əldə edib. Bu il isə daha çox iştirakçının gözlənilməsi texnologiyaya artan qlobal marağı əks etdirir.
Sərginin əsas mövzuları süni intellekt, robototexnika, daşınan qurğular, rəqəmsal səhiyyə, nəqliyyat texnologiyaları, kibertəhlükəsizlik, gözəllik və moda sahəsində innovasiyalardır.
Aparıcı texnologiya şirkətləri gündəlik həyatı dəyişdirə biləcək ən son məhsul və nailiyyətlərini təqdim edəcəklər.
“CES” sərgisi, hər il dünyanın aparıcı brendlərini bir araya gətirərək onların nailiyyətlərini nümayiş etdirdiyi, yeni tərəfdaşlıqlar qurduğu və texnologiya sahəsində yeni istiqamətlər müəyyən etdiyi bir tədbirdir.
Bu platforma texnologiyaların həyat keyfiyyətini qlobal miqyasda artırmasına töhfə verir.