Bakı. Trend:
Macarıstan Avropa İttifaqının müvafiq qərarının olmasına baxmayaraq, Gürcüstandan olan diplomatlar üçün vizasız rejimi ləğv etmək niyyətində deyil.
Trend xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqı XİN rəhbərlərinin toplantısından sonra macarıstanlı jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, ölkənin gələcəyi ilə bağlı Brüsseldə yox, Gürcüstanda qərar verilməlidir və Brüssel bunu bəyəndi-bəyənmədi, gürcülər artıq qəti qərarlarını veriblər”,- deyə Siyarto bildirib.
Qeyd edilir ki, Gürcüstan XİN-dən diplomatik vizaların verilişinin dayandırılmasının “texniki bir qərar” olduğunu vurğulayıb.
“Biz Avropa İttifaqı Şurasının bu qərarını hansı ölkələrin icra edəcəyini izləyəcəyik. Bizim üçün Avropa İttifaqı ilə daha geniş aspektdə münasibətlərin olması çox vacibdir”, - nazirliyin bəyanatında deyilir.
Xatırladaq ki, yanvarın 27-də Avropa İttifaqının xarici işlər nazirləri diplomatik pasport daşıyan gürcüstanlı siyasətçilərin və vəzifəli şəxslər üçün vizasız rejimin ləğv edilməsi ilə bağlı qərarı təsdiqləyiblər. Gürcüstanlı diplomatik pasport daşıyıcıları eyni zamanda viza üçün daha az sənəd, daha az rüsum və ərizələrə qısamüddətli baxış kimi güzəştlərdən məhrum olublar.