Bakı. Trend:
Türkiyədə zorakılıq dalğasına görə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və onun sədri Özgür Özəl tam məsuliyyət daşıyır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından deyib.
"Biz ana müxalifət partiyasının liderinin insanları küçələrə çıxmağa çağırmasından sonra baş verən və sürətlə zorakılığa çevrilən hadisələri narahatlıqla izlədik. Son bir neçə gündə marjinal təşkilatların və şəhər quldurlarının hücumların nəticəsində 123 polis əməkdaşımız xəsarət alıb. Təəssüf ki, müxalifət partiyasının rəhbərliyi, o cümlədən onun sədri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdi. Polis əməkdaşlarının yaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə dəyərində ziyan dəyməsinə görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarları daşıyırlar", - deyə Türkiyə prezidenti bildirib.
O qeyd edib ki, bütün bunlara parlamentdə baxılacaq və bununla bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq.