...

ABŞ-yə 50-dən çox ölkə tariflərin azaldılması ilə bağlı müraciət edib

Dünya xəbərləri Materials 6 Aprel 2025 19:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri ilə bağlı yeni qərarından sonra 50-dən çox ölkə Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset ABC News telekanalına müsahibəsində məlumat verib.

“Dünən ABŞ-nin ticarət üzrə danışıqlar aparan nümayəndəsindən məlumat aldım ki, artıq 50-dən çox ölkə prezidentə müraciət edərək danışıqların başlanmasını istəyib. Onlar anlayırlar ki, ABŞ onların məhsullarına çoxsaylı tariflər tətbiq edib,” – deyə Hasset bildirib.

O qeyd edib ki, bu ölkələr ABŞ-nin tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğvini müzakirə etmək niyyətindədirlər.

Hasset, həmçinin, Vaşinqtonun Rusiyaya qarşı gömrük rüsumları tətbiq etməməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, Tramp bu addımın Ukraynada sülh danışıqlarına maneə yaratmasını istəmir: “Aydındır ki, Rusiya və Ukrayna arasında danışıqlar gedir və mən inanıram ki, prezident bu iki məsələnin bir-birinə qarışmaması barədə qərar verib.” Hasset əlavə edib ki, bu mövqe gələcəkdə Rusiyaya münasibətdə daha sərt addımların istisna edildiyi anlamına gəlmir.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük tariflərinin tətbiq ediləcəyini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti