Bakı. Trend:
Aprelin 23-də Londonda Böyük Britaniya, Fransa, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundu baş tutacaq.
Trend xəbər verir ki, görüşün keçirilməsi barədə məlumat Parisdə aprelin 17-də baş tutan əvvəlki müzakirələrin ardından elan edilib.
Fransanın xarici işlər naziri Jan-Koel Barro həmin görüşdən sonra bildirib: “Britaniyalı həmkarım, Almaniya nümayəndəsi Devid Lemmi və mən amerikalılar, ukraynalılar və digər avropalılarla gələn həftə keçiriləcək görüşə hazırlıq məqsədilə yaxın günlərdə Ukraynalı həmkarımızla təmasları davam etdirəcəyik”.
ABŞ dövlət katibi Marko Rubio Parisdəki görüşlərdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib. Lakin Rubionun Londondakı görüşə qatılmayacağı bildirilib. Bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib. Onun sözlərinə görə, dövlət katibi hazırda olduqca məşğuldur və ABŞ-ı bu görüşdə Ukrayna üzrə xüsusi elçi, general Kit Kelloq təmsil edəcək.
Bir gün öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Ukrayna ilə son görüşlərini “çox yaxşı” adlandırıb və “yaxın üç gün ərzində” bu barədə daha ətraflı məlumat verəcəyini vəd edib.
Bu arada Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffun bu həftə yenidən Moskvaya səfər edəcəyini açıqlayıb.