...

AYİB 2025-ci il üçün Türkiyənin ÜDM artımı proqnozunu azaldıb

Dünya xəbərləri Materials 13 May 2025 12:00 (UTC +04:00)
AYİB 2025-ci il üçün Türkiyənin ÜDM artımı proqnozunu azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci il üçün Türkiyənin ÜDM artım proqnozunu 0,2 faiz bəndi azaldıb.

Bu barədə Trend bankın hesabatına istinadən xəbər verir.

AYİB-in yenilənmiş proqnozlarına əsasən, 2025-ci ildə Türkiyə iqtisadiyyatının 2,8 faiz artacağı gözlənilir. Daha sonra 2026-cı ildə bu artımın 3,5 faizə qədər sürətlənəcəyi proqnozlaşdırılır.

Bankın qiymətləndirməsinə görə, Türkiyənin ÜDM artımı 2023-cü ildə 5,1 faiz, 2024-cü ildə isə 3,2 faiz təşkil edib.

“Hökumətin daha ortodoks iqtisadi siyasətə keçidi fonunda daxili tələbat əhəmiyyətli dərəcədə zəifləsə də, yenə də əsas artım mənbəyi olaraq qalır. Bu dövrdə xalis ixracın iqtisadi artıma təsiri müsbət olub. Ticarət, logistika və turizm kimi xidmət sahələrində aktivlik sabit qalıb.

Tikinti sektoru isə zəlzələdən sonra aparılan bərpa işləri hesabına dəstəklənib. Bu arada ənənəvi olaraq iqtisadi artımın əsas lokomotivi sayılan sənaye sektoru isə maliyyə siyasətinin sərtləşməsi fonunda geriləyib”, – deyə hesabatda qeyd olunur.

AYİB-in bildirdiyinə görə, 2025-ci il üçün proqnozun 0,2 faiz bəndi aşağı salınması fevral ayındakı qiymətləndirmə ilə müqayisədə daha sərt daxili maliyyə şərtləri və artan qeyri-müəyyənlik fonunda zəifləmiş daxili tələbatla əlaqələndirilir. Həmçinin, qlobal ticarət siyasətindəki qeyri-müəyyənliyin artması səbəbindən xarici tələbatın zəifləməsi ehtimalı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti