Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə 2025-ci il üçün ÜDM-in artım proqnozunu 0,1 faiz azaldıb.
Trend banka istinadən xəbər verir ki, yenilənmiş qiymətləndirməyə əsasən, 2025-ci ildə regionda ÜDM-in artımı 3,5 faiz təşkil edəcək, 2026-cı ildə isə bu göstərici 4,3 faizə yüksələcək.
AYİB-in məlumatına görə, 2023-cü ildə regionun ÜDM artımı 4,5 faiz olub, lakin 2024-cü ildə bu göstərici 3,8 faizə qədər zəifləyib.
“Şərqi Avropa və Qafqazda iqtisadi artım 2023-cü ildəki 4,5 faizdən 2024-cü ildə 3,9 faizə qədər yavaşlayıb. Bu, əsasən, təkrarixrac ticarətinin və Qafqaz iqtisadiyyatlarına işçi qüvvəsi ilə kapital axınının təsirinin tədricən zəifləməsi ilə əlaqədardır. 2025-ci ildə artımın 3,5 faizə enəcəyi, 2026-cı ildə isə yenidən 4,3 faizə yüksələcəyi gözlənilir”, – deyə bankın hesabatında bildirilir.
Bundan əlavə, AYİB “Regional İqtisadi Perspektivlər” adlı hesabatının fevral buraxılışı ilə müqayisədə Azərbaycan üçün ÜDM artım proqnozlarını dəyişməz olaraq saxlayıb.
Bankın may ayı icmalına əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM-nin 3 faiz artacağı, 2026-cı ildə isə bu artımın 2,5 faizə qədər zəifləyəcəyi proqnozlaşdırılır.