Bakı. Trend:
Dünyanın ən iri neft şirkətləri xam neft qiymətlərinin uzunmüddətli enişinə hazırlaşır. Onlar investorları sakitləşdirməyə çalışırlar və ən pisinə hazır olduqlarına əmin edirlər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, “ExxonMobil”, “Chevron”, “Shell”, “TotalEnergies” kimi şirkətlərin rəhbərləri rüblük gəlir hesabatlarından istifadə edərək investorları maliyyə balanslarının sabit olduğuna və xərcləri, eləcə də səhmdarların gəlirlərini əsassız yerə azaltmağa tələsməyəcəklərinə inandırmağa çalışıblar.
“Qiymətlərin və marjanın azaldılması istiqamətində ciddi təzyiq var”, – “ExxonMobil” baş icraçı direktoru Darren Vuds bildirib.
472 milyard ABŞ dolları həcmində aktivləri olan şirkət qiymətlərin tənəzzülünə hazırlaşmaq məqsədilə qarşıdakı beş il üçün xərclərini 13 milyard dollara azaldıb.
Əməkdaşlarının sayını kəskin azaltmağı planlaşdırdığını daha əvvəl açıqlayan “Chevron” isə investorları əmin edib ki, neftin barreli 60 dollara düşsə belə, sərbəst pul axınını 9 milyard dollara çatdıracaq.
“Shell” öz növbəsində bildirib ki, neftin qiyməti 40 dollara qədər enərsə belə, dividend ödənişlərini davam etdirə biləcək və hələlik xərclər planına dəyişiklik etməyib.