Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp cümə günü Yaponiyanın "Nippon Steel" şirkətinə müəyyən şərtlər daxilində ABŞ-nin polad istehsalçısı "U.S. Steel"i satın almasına icazə verən sərəncam imzalayıb.
Trend xəbər verir ki, bu barədə sərəncamın mətni həmin gün Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Sənəddə qeyd olunur ki, ABŞ administrasiyasının rəhbəri “təklif olunan sövdələşmənin ABŞ-nin milli təhlükəsizliyinə vurula biləcək zərəri, sərəncamın 3-cü bölməsində göstərilən şərtlər yerinə yetiriləcəyi təqdirdə, adekvat şəkildə kompensasiya oluna bilər” qənaətinə gəlib.
Sərəncamın 3-cü bölməsində razılaşmanın həyata keçirilməsi üçün texniki detallar və tələblər əksini tapıb. Ekspertlərin fikrincə, Trampın bu addımı tərəflər arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasına şərait yarada bilər.
Qeyd edək ki, daha əvvəl “Nippon Steel” 14,9 milyard ABŞ dolları dəyərində “U.S. Steel”i almaq niyyətini açıqlamışdı. Tramp isə bu potensial razılaşmanı ABŞ polad sənayesinə “rekord investisiya” kimi dəyərləndirmişdi. Bununla belə, ABŞ rəsmiləri və Yapon şirkətinin rəhbərliyi sövdələşməyə dair bütün fikir ayrılıqlarının hələ tam həll olunmadığını bildirirlər.