Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-ın iyun ayında həyata keçirdiyi hərbi hücumlardan sonra İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanması prosesində çətinliklərin yarandığını açıqlayıb.
Trend xəbər verir ki, yoxlamalar yalnız hücumlardan zərər görməyən obyektlərdə aparılıb, İran isə zədələnmiş obyektlərə girişə icazə verməyib.
Agentliyin üzv dövlətlər üçün hazırladığı məxfi hesabatda qeyd olunur ki, zənginləşdirilmiş uran ehtiyatlarının uçotu “artıq uzun müddətdir gecikir”. BAEA xatırladıb ki, qaydalara əsasən, 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları hər ay yoxlanmalıdır. Bu göstərici nüvə silahı üçün tələb olunan səviyyəyə (təxminən 90%) yaxındır.
Hesabatda vurğulanır ki, zədələnmiş obyektlərdəki uran ehtiyatlarının vəziyyəti müəyyən edilə bilmir və bu problemin “təcili şəkildə həll edilməsi” vacibdir.
BAEA-nın qiymətləndirməsinə əsasən, hərbi hücumlaradək İran 440,9 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranı uran heksafluorid şəklində saxlayırdı. Agentliyin meyarlarına görə, bu miqdar onadək nüvə silahı istehsal etmək üçün kifayətdir.
Mənbələr bildirir ki, hücumlar zamanı uranın bir hissəsi məhv edilsə də, ehtiyatların əsas hissəsi İsfahandakı dərin yeraltı müəssisədə qorunub saxlanılıb. Həmin obyektin giriş tunelləri zərbə alsa da, əsas infrastruktura ciddi zərər dəymədiyi bildirilir.