Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefon danışığında Braziliya mallarına tətbiq edilən rüsumları müzakirə edib.
Trend-in məlumatına görə, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"Bəli, gözəl söhbətimiz oldu. Ticarətdən, sanksiyalardan danışdıq. Çünki bildiyiniz kimi, mən baş verən müəyyən hadisələrlə bağlı sanksiyalar tətbiq etmişəm. Amma çox gözəl söhbətimiz oldu. Mən bundan həzz aldım", – Tramp deyib.
Braziliya tərəfi də çərşənbə axşamı danışıqla bağlı məlumat yayıb. Məlumata əsasən, Lula da Silva ABŞ-nin ət, qəhvə və meyvə kimi bəzi Braziliya məhsullarına tətbiq etdiyi əlavə 40 faizlik gömrük rüsumunu ləğv etməsi qərarını müsbət qiymətləndirib. O həmçinin qeyd edib ki, ölkələr tariflərə tabe olan digər malları da müzakirə etməlidirlər və Braziliya bu mövzu ilə bağlı danışıqlara mümkün qədər tez başlamağa hazırdır.
