Bakı. Trend:
Ukrayna yaxın günlərdə ABŞ-də keçiriləcək görüşlərə hazırlıq görür. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə dialoqu davam etdirməyə hazırlaşırlar.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
"ABŞ-də görüşlərə hazırlaşırıq. Amerikalılar Moskvadan qayıdıb Vaşinqtonda lazımi məsləhətləşmələri apardıqdan sonra Rüstəm Umerov, Andrey Qnatov və müzakirələrdə iştirak etməli olan digər şəxslər Prezident Trampın komandasının nümayəndələri ilə söhbətləri davam etdirəcəklər", – Zelenski bildirib.
Prezident vurğulayıb ki, yaxın günlərdə bu görüşlərlə bağlı yeni məlumatların paylaşılması gözlənilir – istər şəxsi görüşlər, istərsə də telefon danışıqları olsun, Ukrayna və tərəfdaşları arasında daimi əlaqə təmin edilir.
"Hazırda proses kifayət qədər effektiv şəkildə irəliləyir – Cenevrə və Floridadakı görüşlərdə Ukraynanın mövqeyi diqqətlə dinlənildi. Bu, olduqca önəmlidir. Ümid edirik ki, bu yanaşma davam edəcək. Ukraynanın maraqları nəzərə alınmadan ləyaqətli sülh mümkün deyil", – Zelenski qeyd edib.