Bakı. Trend:
ABŞ-nin Florida ştatının Mayami şəhərində Qəzza məsələsi ilə bağlı keçirilən görüşdə "Qəzza sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edildi və ikinci mərhələyə keçidlə bağlı fikir mübadiləsi aparıldı".
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Türkiyə, ABŞ, Qətər və Misir nümayəndələri dekabrın 19-da Mayamidə görüş keçiriblər. Görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.
"Görüşdə Qəzza üçün sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub və ikinci mərhələyə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə o bildirib.
O əlavə edib ki, ikinci mərhələ ilə əlaqədar olaraq Qəzzanın Qəzza sakinləri tərəfindən idarə olunmasını təmin etmək üçün tədbirlər nəzərdən keçirilib və sülh planında nəzərdə tutulan Sülh Şurası və Beynəlxalq Sabitləşdirmə Qüvvələri ilə bağlı atılacaq addımlar da qiymətləndirilib.