Bakı. Trend:
Gündəlik olaraq qablaşdırılmış (plastik butulka) su içən insanlar kran suyundan istifadə edənlərlə müqayisədə ildə 90 mindən çox əlavə mikroplastik zərrəcik qəbul etmiş olurlar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə Kanadanın müvafiq araşdırma aparan Konkordia Universitetinin tədqiqatçıları gəliblər.
Tədqiqatçıların bildirdiyinə görə, plastik butulkalar istehsal, saxlanma və daşınma prosesləri zamanı, həmçinin günəş işığına və temperatur dəyişmələrinə məruz qaldıqda parçalanaraq mikroplastiklər buraxır. Alimlər xəbərdarlıq edirlər ki, bu hissəciklərin qəbulunun sağlamlıq üçün ağır nəticələri ola bilər.
İcmalda həmçinin qeyd olunur ki, insanlar il ərzində orta hesabla ölçüləri millimetrin mində birindən beş millimetrədək dəyişən 39 000–52 000 mikroplastik zərrəciyi udurlar.
“Journal of Hazardous Materials” jurnalında dərc olunan yeni icmalın aparıcı müəllifi Sara Sacedinin sözlərinə görə, fövqəladə hallarda plastik butulkadan su içmək məqbul olsa da, bunu gündəlik vərdiş halına gətirmək yolverilməzdir.
