Bakı. Trend:
"Windows 11" əməliyyat sisteminin (ƏS) istifadəçi sayı bir milyardı keçib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Windows mühüm bir mərhələyə çatdı - bir milyard istifadəçi”,- "Microsoft"un baş icraçı direktoru Satya Nadella bildirib.
Top-menecer bu açıqlamanı 2026-cı maliyyə ilinin ikinci rübünün yekunları üzrə hesabat zamanı verib. Nadella vurğulayıb ki, aktual əməliyyat sisteminin auditoriyası bir il ərzində 45 faiz artıb.
Jurnalistlər qeyd ediblər ki, "Microsoft" un məlumatlarına görə, Windows 11 bir milyard istifadəçiyə Windows 10-dan daha sürətli çatıb. Mövcud sistem bunu buraxılışdan 1576 gün sonra bacarıb, əvvəlki nəsil əməliyyat sistemi isə bu göstəriciyə 1706 günə nail olub.
Bununla yanaşı, müəlliflər xatırladıblar ki, "Microsoft" "Windows 11"in buraxılışından sonra üç il ərzində bir milyardıncı istifadəçi barədə məlumat verməyi vəd etmişdi, lakin sonradan bu müddətlərə düzəliş edib.
