Bakı. Trend:
2026-cı ilin yanvar ayında Almaniyada işsizlərin sayı 2025-ci ilin dekabr ayı ilə müqayisədə 177 min nəfər artaraq 3 milyon həddini keçib. İşsizlik səviyyəsi isə son 12 ilin ən yüksək göstəricisi olan 6,6 faizə yüksəlib.
Trend xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.
Federal Məşğulluq Agentliyinin sədri Andrea Nales bildirib ki, hazırda əmək bazarında canlanma üçün çox az impuls mövcuddur və ilin əvvəlində işsizliyin artması əsasən mövsümi amillərlə əlaqədardır.
Agentliyin məlumatına görə, iş axtaranlar üçün vakansiya tapmaq getdikcə çətinləşir. Belə ki, qeydiyyatda olan boş iş yerlərinin sayı 598 minə enib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 min azdır.
Bundan əlavə, 2026-cı ilin yanvar ayında təxminən 41 min məktəb məzunu və ali təhsil müəssisələrinin tələbəsi təcrübə yeri tapa bilməyib.
