İran İslam Respublikasına üçgünlük rəsmi səfər edən Aleksandr Lukaşenko ilə görüşün başlanmasına qədər prezident Mahmud Əhmədinecad bildirib ki, İran Belarusla əməkdaşlıqda maraqlıdır və bütün sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə hazırdır. Bu barədə Trend zvezda.ru saytına istinadən xəbər verir.
Belarus və İran "əzəmətli və müstəqil ölkələrdir və bir-biri ilə yaxşı münasibətdədirlər". "Belarusla əməkdaşlığın inkişaf etdirilməsində bizim üçün heç bir məhdudiyyət yoxdur", - deyə Mahmud Əhmədinecad qeyd edib və vurğulayıb ki, hazırda ikitərəfli əlaqə möhkəmlənir. "Ölkələrimiz qəti surətdə əməkdaşlığı inkişaf etdirmək istəyirlər və mən əminəm ki, Belarus prezidentinin səfəri iki dövlət arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq", - deyə İran prezidenti əminliklə bildirib.
Belarus və İranın dost ölkə olduğunu qeyd edən Mahmud Əhmədinecad etiraf edib ki, Belarus və İranın regional və beynəlxalq problemlərlə bağlı ümumi baxışları var.