Bakı. Trend:
Yanvarın 23-də saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında "Söz" adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti tədbir yunan poeziya axşamına həsr olunacaq. Tədbirdə Yunanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfir cənab Dimitrios Tsounqas iştirak edəcək.
Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, bu artıq "Söz" layihəsinin ikinci tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.