...

Nazirlik mənşəyi məlum olmayan heyvan cəmdəkləri ilə bağlı məlumat yaydı

Cəmiyyət Materials 1 Dekabr 2015 18:41 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti qida təhlükəsizliyi sahəsində tədbirləri davam etdirir.
Nazirlik mənşəyi məlum olmayan heyvan cəmdəkləri ilə bağlı məlumat yaydı

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti qida təhlükəsizliyi sahəsində tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan tədbirlər çərçivəsində 30 noyabr və 1 dekabrda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycan Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirib.

Reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda 30 noyabr 2015-ci il tarixdə gecə saat 11-12 radələrində Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu "Mersedes" markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilib.

Avtomobil sürücüsününün və yükü müşayiət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri, S.Vurğun küçəsi, 9 nömrəli evin sakini Seyfəddin Vəliyəddin oğlu Novruzova məxsusdur. S.Novruzovun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameraya bu gün baxış keçirilib və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Qanun pozuntuları aşkar olunarsa ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək.

Bu kimi tədbirlər respublikanın bütün rayonlarında davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti