Azərbaycan, Bakı, 19 iyun /müx.TrendLife Saleh Salazadə/Müsahibimiz Akdemik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Zeynal oğlu Bünyatovdur.
- Sizcə, müasir Azərbaycan teatrı öz tamaşaçısını qane edirmi?
- Məncə, əsas məsələ tamaşaçısının teatra gəlməsidir, tamaşadan sonra o, ruhunda, varlığında, mənəviyyatında bir dəyişiklik hiss edirsə, tamaşadan özüylə nəsə aparırsa, nəticədə teatr da, tamaşaçı da qazanır.
- Repertuar seçimini necə edirsiniz?
- M. Axundov, N. B. Vəzirov, Ə. Haqverdiyev, C.Cabbarlı, C.Məmmədquluzadə, H.Cavid, İ.Əfəndiyev kimi dramaturqların əsərləriylə zəngin olan milli teatrımız hazırda repertuar sarıdan heç bir korluq çəkmir.
İkincisi, Milli Dram Treatrı həmişə öz zəngin repertuarı ilə seçilib. Dünya, rus dramaturgiyası klassikləri ilə yanaşı, bu gün müasir Azərbaycan dramaturgiyasının nüayəndələri Anarın, Elçinin, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Hidayət Orucovun, Hüseynbala Mirələmovun, Əli Əmirlinin dram əsərləri repertuarımızı daha da zənginləşdirir. Elçin Hüseynbəyli, Afaq Məsud kimi gənc dramaturqlara da müraciət edirik. Türk dramaturgiyasına da tez-tez müraciət edirik.
- Tearda nəsil dəyişməsi özünü hiss etdirirmi?
- XX əsrin sonu-XXI əsrin əvvəlində teatra elə bil bir bəla gəldi. Səməndər Rzayev, Hamlet Xanızadə, Həsənağa Turabov, Həsən Əbluc, Əlabbas Qədirov, Məlik Dadaşov, Mikakyıl Mirzə kimi müqtədir aktyorların həyatdan getməsi teatrımız üçün böyük zərbə oldu. Vəziyyətdən çıxış yolunu digər teatrlardan aktyorlar dəvət etməklə yanaşı yaradıcı heyətdə olan 70-ə yaxın istedadlı gənc potensialın imkanlarının üzə çıxarılmasında görürük.
- Əməkdaşlarınızın, texniki heyətin maddi təminatı müasir tələblərə cavab verirmi?
- Ümummilli liderimiz Heydər Əliyevin sənət adamlarına, teatr xadimlərinə xüsusi diqqət yetirməsi, onlara fəxri adlar, mükafatlar, təqaüdlər verməsi ənənələri bu gün onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bu, kollektivimizdə çalışan bir çox insanın ailəsinin maddi rifah halını xeyli yaxşılaşdırır. Lakin tanınmış aktyorlar, rejissorlar, rəssamlar, bəstəkarlar, xoreoqraflarla yanaşı, teatrlarımızda kostyumerlər, rekvizitorlar, bufatorlar, işıqçılar, bərbərlər, səhnə maşinistləri kimi nadir peşə sahibləri öz aldıqları məvaciblə ailələrini saxlamaqda çətinlik çəkirlər. Açığını etiraf etmək lazımdır ki, yetişdirilməsi müşkül olan bu kadrların məcburiyyət üzündən teatrdan uzaqlaşmaları hazırlanan tamaşaların səviyyəsində də öz əksini tapır. Bu cür kadrların hazırlanması on illərlə vaxt tələb edir. Ölkəmizdə müvafiq təhsil ocaqlarının olmaması işimizi bir az da çətinləşdirir. Sənətinin fanatlarından başqa kim seçər az maaşlı peşəni? Əlbəttə, heç kim! Bu sənət fədailəri öz müqəddəs işlərinin xatirinə çox əziyyətlərə dözməli olurlar. Səhnədə görünməyən, lakin tamaşaların hazırlanmasında müstəsna xidmətləri olan bu insanların rifah halının yüksəldilməsi, maaşlarının artırılması üçün həyəcan təbili çalınmasının vaxtı yetişib. Teatrımızın bu və digər problemlərinin çözümü təklifləriylə hörmətli nazirimiz Əbülfəs Qarayevə müraciət etmişəm. İnanıram ki, qaldırılan problemlər qismən də olan öz həllini tapacaq.
- Kommunal xərclərin artırılması yaradıcılıq prosesinə təsir edirmi?
-Bu, bizim yaralı yerimizdir. Bu təklifi hazırlayıb, bu qərarı qəbul edənlər əgər kommersiya qurumlarıyla, zavod və fabriklərlə teatrları eyni kateqoriyaya şamil edilərsə,yanılırlar.
Tarif Şurası teatrla kommersiya obyektlərini səhv salmamalıdır.
Belə çıxır ki, az işıqpulu ödəmək üçün tamaşanın işıq effektlərindən imtina edilməlidir? Tamaşada nəzərdətutulan beş projektor yerinə biri yandırılmalıdır? Digər texniki qurğulardan, soyutma sistemindən istifadə etməməliyik ki, Tarif Şurası kommunal xərcləri üçqat artırıb?! Heç bir sivil ölkədə teatrlara, mədəni-maarif müəssisələrinə belə ögey, laqeyd münasibət yoxdur. Teatrların kommunal xərclərdən azad olunması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq. Ümidvarıq ki, bu problem öz müsbət həllini tapacaq.
- Hazırkı teatr-tamaşaçı münasibətləri necədir? Tamaşalara istənilən qədər seyrçi gəlirmi?
- Arzulanan qədər olmasa da, tamaşaçı sarıdan şikayətimiz yoxdur. Bir çox premyeralarımız, tamaşalarımız anşlaqla keçir. Lakin bütün bunlarla yanaşı paytaxtın əsl teatral tamaşaçısı olmalıdır. Biletin qiyməti onu naharat etməməlidir. Yəni cəmiyyətdə belə bir zümrə olmalıdır.
- Yəqin, bu faktlar teatrın ümumi inkişafına da təsirsiz ötüşmür?
-Teatr ətrafında yaranan problemlərdə bizim özümüzün də günahı çoxdur. Yeni-yeni baxımlı tamaşaların ərsəyə gəlməsi üçün əlavə maliyyə mənbələrinin aranması, repertuarla bağlı reklam çarxlarının hazırlanması, təbliğat-təşviqat vasitələrindən yetərincə istifadə edilməsi işi arzuolunan səviyyədə deyil.
Düzdür, bunun özünün də obyektiv-subyektiv səbəbləri var. Ən geniş auditoriyaya malik televiziyaların kommersiya maraqları ilə bizim maddi imkanlarımız tərs mütənasibdir. Tədris müəssisələri il teatr arasında olan əvvəlki bağların qırılması və s. Səbəblər çoxdur. Elə götürək sonuncu problemi. Şagirdlərin, tələbələrin dünyagörüşünün formalaşmasında, sivil ruhda böyümələrində, xeyri şərdən ayırmalarında, bütövlükdə maariflənmə məsələsində teatrın müstəsna xidmətləri danılmazdır. Lakin hansısa məmurun tələsik bir qərarına əsasən bu münasibətlər korlandı. Nəticədə həm teatr, həm də onun əsas auditoriyası itirildi. Teatrın inkişafı onun ətrafında yaranmış aura ilə bağlıdır. Teatr cəmiyyətin aynasıdır.
- Beynəlxalq əlaqələriniz barədə nə deyərdiniz?
- Ötən ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləriylə əlaqə qurduq. H.İbsenin 100 illiyi ilə əlaqədar Norveç Krallığının Azərbaycandakı Səfirliyinin maliyə dəstəyilə görkəmli dramaturqun "Oyuncaq ev" əsərini tamaşaya qoyduq.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin maddi yardımıyla Artur Millerin "Körpüdən mənzərə" əsərini səhnələşdiririk. Türkiyə, Rusiya və Tatarıstan respublikalarının teatr kollektivləri ilə qarşılıqlı qastrollar, tamaşa mübadilələri nəzərdə tutmuşuq.
- Gənc istedadların teatra cəlb olunması işi necədir?
- Teatrımızda çox istedadlı gənc aktyorlar yetişir. Rejissorlara gəlincə isə, bu yaxınlarda İlham Əsgərov adlı bir gənc rejissor Jan Koktonun "Insan səsi" monotamaşasına quruluş verib. Samir Qulamov adlı daha bir gənc Viktor Hüqonun məşhur "Paris Noterdam kilsəsi" romanı əsasında "Qvazimoda" tamaşasını hazırlayıb. Onun quruluşunda bu tamaşa doğrudan da çox uğurlu alındı.
Mədəniyyət və Turizm Nazirliyin Teatr Xadimləri İttifaqı ilə gənclər arasında keçirdiyi "Teatr festivalı" çərçivəsində gənclərə geniş yer vermişik. Bu proses davam etdiriləcək.
- Teatr üçbucağı - müəllif -rejissor-aktyor münasibətləri sizdə necə qurulub?
- Hələ sovet dövründən teatrda bədii rəhbər institutu eksperimenti etdilər. Bütövlükdə bu özünü doğrultmadf. Bu yaxınlarda nazirliyimiz tərəfindən ləğv olunan həmin sistem Həsənağa Turabov, Məlik Dadaşov, Əlabbas Qədirov, Şəfiqə Məmmədova, Amaliya Pənahova kimi görkəmli sənətkarların aktyor sənətini məmur kreslosu ilə əvəzləməsi ilə nəticələndi. Nəticədə uduzan da, itirən də sənət və sənətkar oldu. Tamaşaçı müəllifi də, rejissoru da, aktyoru da özü seçir və bu seçimə görə də tamaşaya gəlir.
- Şou-biznes teatrı sıxışdırmır ki?
- Tarixlər boyu şou-biznes də olub, teatr da.
- Keçmiş dövrlərdəki şou-biznesin bir nümayəndəsinin adını çəkə bilərsinizmi?
- Əlbəttə, yox! Onlar tarixin yaddaşından silinib gedir. Amma teatr yaşayıb, yaşayır, yaşayacaq da!